Göyçə bənövşəsi

 

Ulu Göyçə ilə Kəlbəcəri dağlar birləşdirir. Qələm dostum Əlövsət Ağalarov Kəlbəcərin harayına gedəndə Göyçə dağlarından mənə bir dəstə bənövşə gətirmişdi.

Sağalmaz yaramın məlhəmi sənsən,
Ürəyin doludur danışsan, dinsən,
Yandırma əlimi alova dönsən,
El, deyə saralıb-solan bənövşəm.

Yamanca küskünsən, boynu büküksən,
Doğmalar uzaqdı, yamacda təksən,
Gecə də, gündüz də göz yaşı töksən,
Tapılmaz könlünü alan, bənövşəm.

Elə həsrət qalıb müqəddəs obam,
Qəlbim tək boşalıb müqəddəs obam,
Əbəs əsir düşdün, sən əbəs obam,
Həsrətdən gözləri dolan bənövşəm.

Təzə-tər olardın yaz havasıyla,
Yuxuya dalardın saz havasıyla,
Qoşma havasıyla, söz havasıyla,
İndi qəm sazını çalan bənövşəm.

Çoxdandır dil açmır çoban tütəyi,
Yox olub mahalın balı, pətəyi,
İndi kim dərəcək gülü, çiçəyi,
Talandı diyarım, talan, bənövşəm.

Amandı, gəl göyər sinəmin üstə,
Dilləndir qəlbimi ha zildə, pəsdə,
Aşıqdan, şairdən nəğmələr istə,
Dağlarda xəyala dalan bənövşəm.

Göyçə ünvanlısan, aç ürəyimdə,
Ətrini hər yana saç ürəyimdə,
Dünyadan mənimlə köç ürəyimdə,
Yalandır hər nə var, yalan, bənövşəm.

Fil də çəkə bilməz bu dərdi vallah,
Hədərdi həyatın, hədərdi vallah,
Kədərdi sirdaşın, kədərdi vallah,
Göyçədə sahibsiz qalan bənövşəm.

Dərib dəstə tutan doğmalar hanı?
Silahlılar bürümüşdü dörd yanı,
Qoy sarsıtsın haray səsin dünyanı,
Səsə salıb dağlara el, an, bənövşəm.

Doğma od-ocaqsız necə qalım mən?
Yurd-yuva ətrini sizdən alım mən,
Haray çəkim, dünyaya səs salı mən,
Əsir düşüb, dustaq olan bənövşəm.

Göyçəsizdi Əli Vəkil, neyləsin?
İstərdi ki, gedib tağda iyləsin,
Sarınərdə, Qocadağda iyləsin,
Yamacda xəyala dalan bənövşəm.

10 iyun 1991