Bu dünyada, bu dünyada

 

«Cərrah Vaqif möcüzəsi» poemasından

Ömrü bada vermək olmaz
Bu dünyada, bu dünyada.
Yurdu yada vermək olmaz
Bu dünyada, bu dünyada.

Qarabağım din-imanım,
Şuşa, Ağdam ruhum, canım,
Mən nə qədər oda yanım?
Bu dünyada, bu dünyada.

Kökdən düşməz qəlbin simi,
Ürək yansa məşəl kimi,
Öyrən, dərk et bu aləmi –
Bu dünyada, bu dünyada.

Tanrı payı bir ömrün var,
Fərəhli gün, qəmli gün var,
Aqil insan daim yaşar
Bu dünyada, bu dünyada.

Nələr olmur, nələr olur,
Güllər açır, güllər solur,
Qəmlənəndə gözün dolur
Bu dünyada, bu dünyada.

Gedəmmirəm Göyçəmizə,
Həsrət qaldım saza, sözə,
Mahal qədim, yaram təzə –
Bu dünyada, bu dünyada.

Sirdaşındır sevinc, kədər,
Ötüşməsin günlər hədər,
Büdrəmə, get sona qədər
Bu dünyada, bu dünyada.

Yolunu seç kişi kimi,
O yolu keç kişi kimi,
Köçəndə köç kişi kimi
Bu dünyada, bu dünyada.

Qəlbimn kaman dil-dil ötür,
Ömür dastan oxu, bitir,
O yazılır sətir-sətir
Bu dünyada, bu dünyada.

Ucal halal zəhmət ilə,
Ad al, halal-zəhmət ilə,
Yad etsinlər hörmət ilə
Bu dünyada, bu dünyada.

Gəl səhv salma öz yerini,
Yüz ölç, bir biç sözlərini,
Dayazı yox, seç dərini
Bu dünyada, bu dünyada.

Çox olubdur gəlib-gedən,
Yaddan qisas alıb gedən,
Cahana səs salıb gedən,
Bu dünyada, bu dünyada.

Sev, candan sev bu məkanı,
Qoru təmiz adı, sanı,
Yerdə qalmaz şəhid qanı
Bu dünyada, bu dünyada.

Yurdu, eli ananlar var,
Zirvələrə qonanlar var,
Müdriklər var, qananlar var,
Bu dünyada, bu dünyada.

Ağlayan kim, gülən kimdi?
Doğulan kim, ölən kimdi?
Yaddaşlarda qalan kimdi?
Bu dünyada, bu dünyada.

Yadda qalıb peyğəmbərlər,
Olub fatehlər öndərlər,
Nər oğullar öndə gedər
Bu dünyada, bu dünyada.

İnsan cəsur, insan fağır,
Elin ittihamı ağır,
Tanrını imdada çağır
Bu dünyada, bu dünyada.

Harınlar var kefi sazdı,
Dilə gələn telli sazdı,
Nizamilər nələr yazdı
Bu dünyada, bu dünyada.

Öz cibini güdənə bax,
Tamaha bax, gödənə bax,
Dərdə dərman edənə bax
Bu dünyada, bu dünyada.

Məğrur, alnı açıq yaşa,
Arzuların yetir başa,
Cərrahlıqda uğur qoşa
Bu dünyada, bu dünyada.

Vaqif, sənin öz yolun var,
Öz kəşfin var, usulun var,
Xəbər tutsun qoy insanlar
Bu dünyada, bu dünyada.

15 avqust 2003