Vaqifim

 

Fikirliyəm yenə qələm əlimdə,
Sənə ünvanlanan sözlər dilimdə,
Tanıyırlar bu cahanda, elimdə –
Həqiqətdən söz salıram, Vaqifim!

Bu kainat insanlarla doludur,
İxtiyardır, uludan da uludur,
Bəşər oğlu arzuların quludur –
Qətiyyətdən söz salıram, Vaqifim!

Sağlamlığın keşiyində dayanmaq,
Zirvəsinə səsləyibdir səni dağ,
Bu yaşında başın uca, üzün ağ –
Ədalətdən söz salıram, Vaqifim!

Geniş dünya dar olardı loğmansız,
Yayda boran-qar olardı loğmansız,
Arif insan, xar olardı loğmansız –
Ülviyyətdən söz salıram, Vaqifim!

Əl uzadır insanlara müdriklər,
Səslər eli ilk bahara müdriklər,
Qoymaz düşsün bir kəs dara müdriklər –
Şəxsiyyətdən söz salıram, Vaqifim!

Gileylənib, deyinmədin heç zaman,
Qürrələnib öyünmədin heç zaman,
Öz zirvəndən sən enmədin heç zaman –
Bu qüdrətdən söz salıram, Vaqifim!

Düz ölçmüsən, düz biçmisən əzəldən,
Öz peşəni düz seçmisən əzəldən,
Saf çeşmədən su içmisən əzəldən –
Sədaqətdən söz salıram, Vaqifim!

Yıxılana dayaq olmaq – ali borc,
Qaranlıqda mayaq olmaq – ali borc,
Qəlbi Günəşsayaq olmaq – ali borc
Bu hikmətdən söz salıram, Vaqifim!

Adın gəzir dodaqlarda, məlumdu,
Yaxınlarda, uzaqlarda – məlumdu,
Əkər qalmış idi darda – məlumdu –
Saf niyyətdən söz salıram, Vaqifim!

Türkiyədə hamı sevir bu adı,
Lap gənc ikən oldun bəhər övladı,
Vətən verib uçmaq üçün qanadı –
Mətanətdən söz salıram, Vaqifim!

Düşündürmür dövlət səni, var səni,
Zəfərə səsləyir arzular səni,
Candan sevdin doğma eli, Vətəni –
Məhəbbətdən söz salıram, Vaqifim!

Hələ gəncsən, amma adın, sanın var,
Cərrah kimi şöhrətin var, şanın var,
Azərbaycan adlı bir ünvanın var –
Dəyanətdən söz salıram, Vaqifim!

Çox zəfərlər çalmalısan hələ sən,
Müjdə gətir Vətənə sən, elə sən,
Düşəsəksən vallah dildən-dilə sən –
Cəsarətdən söz salıram, Vaqifim!

Verməliyəm mən də sənə borcumu,
Tarix olan aya, günə borcumu,
Xatırladım dönə-dönə borcumu –
Bu ülfətdən söz salıram, Vaqifim!

Xoşdur yazmaq həkimlərdən, el oğlu,
Loğmanlardan biri də sən, el oğlu,
İlham aldım əməlindən el oğlu –
Təbabətdən söz salıram, Vaqifim!

Uğur dilə, arxamca su at, ana,
Baxıb güldün atmacalar atana,
Həkim oldun, çəkdin doğma atana –
Nəcabətdən söz salıram, Vaqifim!

Uca etdin bir ölkənin başını,
«Böyükdağ» da baxıb çatdı qaşını,
Sən tez atdın tərəddüdün daşını –
Səxavətdən söz salıram, Vaqifim!

Sahilsizdi, asimandı təbabət,
Çox sirləri bəzən dandı təbabət,
Mərd cərrahı – səni andı təbabət –
Kəramətdən söz salıram, Vaqifim!

15 avqust 2003