İntizara, həsrətə dözə bilən yar gərək,
Qızıl gülün vurğunu bülbülə bahar gərək.
Biz bəşər övladları gözəlliyə məftunuq,
Hər ürəkdə gül açan şirin arzular gərək.
Kainatın yolları dağdan-dərədən keçir,
İnsanları zirvəyə çatdıran yollar gərək.
Məhəbbətin sınağı çətin olur nə yaman,
Aşiqlərə həyatda düz söz, düz ilqar gərək.
Könülləri oxşayır «Çahargah»ım, «Segah»ım,
Muğamat oxunanda kaman gərək, tar gərək.
Hər kəs sevsin yarını, düşməsin xam xəyala,
Eşq əhlinə cahanda vəfa, etibar gərək.
Əli Vəkil, yorulma, məhəbbətdən söhbət aç,
Dillərdə əzbər olan yeni misralar gərək.
15 avqust 2002