Bir gün dara düşsən əgər, yad et, onda, səslə məni

Bir gün dara düşsən əgər, yad et, onda, səslə məni,
Xəyallara dalaraq sən tək qalanda, səslə məni.

Eşq oduna yansa könlün, kədər simi dil-dil ötsə,
Kədərlənmə, qüssələnmə, gülüm, an da, səslə məni.

Aşiqlərin təqsiri yox, könüllərin öz hökmü var,
Həsrət odu ürəyini dağlayanda, səslə məni.

Əhdi anıb gecə-günduz tənhalığa dözəmməsən,
Ayrılığa tablaşmasan belə anda, səslə məni.

Bilirəm ki, hərdən könlün yeni nəğmə istəyəcək,
Üsyan edib odlu hisslər səs salanda, səslə məni.

Yetişərəm harayına sən harada olsan belə,
Nalə çəkib qəlbin səssiz ağlayanda, səslə məni.

Əli Vəkil təkcə sənə könül verib bu dünyada,
İntizardan saralıb, tək solanda, səslə məni.

12 aprel 2003