Qarr edən qarğa qar gəzər,
Həsrətli aşiq yar gəzər,
Səyyad çöldə şikar gəzər,
Gözü qarala-qarala.
Dinlə Haqdan gələn ünü,
Ağlayanda sil gözünü,
Gülüstanda gül üstünü
Niyə sar ala, sar ala?
Ayrı salsan öz yarını,
Öz ilqarı düz yarını,
Gəl tez axtar, tez yarını,
Qaldın sarala-sarala.
Sevirsənsə onu qəti,
Yenə eşit sədaqəti,
Xoşdur insan səadəti,
Əhdi yarala-yarala.
Gəl seyrə çıx dağı, çölü,
Əsir yenə xəzan yeli,
Soyuq qış gələ, ay Əli,
Dağı qar ala, qar ala.
12 noyabr 2005