A dünya

Heç kəs bilməyir ki, neçədir yaşın?
Xoş ətir vermisən gülə, a dünya.
Tufanlar görübdür torpağın, daşın,
Çox ömrü döndərdin külə, a dünya.

Qıydın dahilərə, qəhrəmanlara,
Bəzən qan uddurdun mərd insanlara,
Yetmədin dadına kim düşdü dara,
Qoymadın yaşaya, gülə, a dünya.

Mənim də gileyim, şikayətim var,
Qəlbimdə arzum var, xoş niyyətim var,
Hələ yazılacaq hekayətim var,
Qəsd etmə bəşərə, elə, a dünya.

Oktyabr 1991