Qələm

Səni də yaratdı insanın əli,
Qızıldan, gümüşdən, lələkdən oldun.
Yazıldı tarixə insan əməli,
Bəlkə məhəbbətlə qoşa doğuldun?

Səninlə qələmə alındı yalnız
Dünyanın tarixi, faciələri.
Aldı ələ neçə oğlan, neçə qız,
Kağıza köçürdun bir gör nələri?

Durna lələyindən düzəldin bəzən,
Yazdı Şeyx Nizami öz hikmətini,
Nəğmə çağlayanda odlu qəlbindən,
Köçürdu kağıza söz hikmətini.

«Sirlər xəzinəsi» dillərdə gəzdi,
Dünyanı mat qoydu «Yeddi gözəl»i.
Keçib qitələri, ellərdə gəzdi,
Böyük dahilərin şeiri, qəzəli.

Böyük Füzulinin Vətən həsrəti
Dilində, qəlbində alova döndü.
Şair məhəbbəti, şair ülfəti
Nə bir an səngidi, nə bir an söndü.

Şair nalə çəkdi Vətən dərdindən,
Əlində qələm də od alıb yandı.
Necə yazdın o kədəri, dərdi sən?
Axı, harayından bəşər oyandı.

«Şəbü hicran yanar canım» – deyərək,
Yeri, göyü, mələkləri oyatdı.
Dözdü sinəsində qüssəli ürək,
Ah! səsi Hələbdən yurduma çatdı.

Qələm tutub babam şair Nəsimi,
«Məndə sığar iki cahan» – söylədi.
Sözünü dünyaya yayır Nəsimi,
Qəlbində ilhamı ümman, söylədi.

Cavid ayrı düşdü Sibirdə səndən,
Qəlbinin harayı Tanrıya çatdı.
Tayqa da isindi qəlb atəşindən,
Ürəyin dözmədi, əbədi yatdı.

Müşfiqin əlindən alanda səni,
Elə bil ölümə məhkum etdilər.
Nə ilə yazaydı ürək deyəni,
Nəğməkar şairi çox incitdilər.

Bir əlində qılınc, birində qələm,
Atıldı döyüşə Şahım-Xətaim.
Bir gözündə sevinc, bir gözündə qəm,
Onun qarşısında kim dözərdi, kim?

Səninlə iftira, böhtan yazan var,
Qoy düşsün dillərə «Zəfər nəğməsi».
Yazılır qərarlar, yüz cür fərmanlar,
Bürüsün dünyanı azadlıq səsi.

Cəlladın əlində ölümə fərman
Yazanda qəzəbdən yanırsan yəqin.
Xəyanət qurbanı olanda insan,
Həqiqət, ədalət anırsan yəqin.

Vurğunun əlində nələr yazdın sən?
«Vaqif» heyran etdi Azərbaycanı.
Ürəkdən kağıza axıb tökülən
Səməd nəğmələri gəzdi cahanı.

Eşit ürəklərin sevinc səsini,
Arzum budur, qələm, yalnız düzü yaz.
Xoşbəxtlik, səadət səlnaməsini,
Min həvəslə «Ana», «Vətən» sözü yaz.

Qırx beş ildir mənim də sir daşımsan,
Qəlbimdən keçəni sən yaxmısan, sən.
Məslək yoldaşımsan, bil, sirdaşımsan,
Razıyam mən sənin bu xidmətindən.

Gəl heç pozmayaq biz əhdimizi,
Daim sadiq qalaq bir-birimizə.
Həkk elə kağıza, nəğməni, sözü,
Ömür vəfa qılsın, gəlməyək gözə!

15 avqust 1999