Aldanma, gözəl

Yağlı dilə, boş vədlərə
Aldanma, gözəl, aldanma.
Uduzarsan billə-bilə,
Aldanma, gözəl, aldanma.

Sən də tanı yaxşıları,
Bu dünyanı, yaxşıları,
Sev insanı, yaxşıları,
Aldanma, gözəl, aldanma.

Gün batanda qaş qaralar,
Aydındır ki, qış qar olar,
Sanma hər dağ Qoşqar olar,
Aldanma, gözəl, aldanma.

Bir də, bir də sor mərdləri,
Arayıb axtar mərdləri,
İnsan bilib namərdləri,
Aldanma, gözəl, aldanma.

Gəl su qatma sən aşına,
İnanma hər göz yaşına,
Bu dünyanın daş-qaşına
Aldanma, gözəl, aldanma.

14 oktyabr 2001