Ana

Ömrüm boyu mən sənin
Keşiyində dayansam,
Qaranlıqda şam olub
Gözün önündə yansam.
Ömrün uzansın deyə
Canımı versəm əgər
Olmaz sənin «can bala»
Dediyinə bərabər.
Tanımıram elə kəs,
Tanımıram hələ mən
Övlad üçün xidməti
Çox olsun xidmətindən.
Yox, buk i, çox çətindir,
Çətindir əziz ana.
Elə bir kəs gəlməyib,
Gəlməyibdir cahana.
Beşiyimin başında
Dayanmısan gecələr.
Ürəyini şam edib
Çox yanmısan gecələr.
Ayaq tutub gəzərkən
Hər dəfə yıxılanda
«Anan öləydi» – deyib
Ah çəkmisən o anda.
Milyon dəfə ürəkdən
Sən mənə can demisən.
Bir an xəstələnəndə
Neçə qurban demisən.
Ömrüm boyu mən sənə
Borcluyam, əziz ana.
Ay olub nur yayaydım
Kaş gecələr yoluna.
Ana, eşqim, diləyim,
Əməlim də sənindir.
İndi şeir söyləyəın
Bu dilim də sənindir.
Qarşına bir çay çıxsa,
Üstə körpü olardım.
Yel əssə qaya olub
Səni daldalayardım.
Susuz səhrada olsan
Yaşıl budaq olardım.
Şərbət ansan, ana can,
Piyalənə dolardım.
Aranda olsan əgər
Laləli dağ olardım.
Xəstə olub nar ansan
Meyvəli bağ olardım.
Nə edim ki, hədiyyəm
Kiçik bir şeir oldu.
Mən səni yad edərkən
Gözlərim yaşla doldu.
Səsləndi qulağımda
Yenə o layla səsin.
Sifətimə toxundu
Sanki isti nəfəsin.