Axı

 

Daşıyıram bu dünyanın yükünü,
Mən səni unuda bilmirəm axı?
Qayğılarla yola salıb hər günü,
Mən səni unuda bilmirəm axı?

Xəyalımdan gəlib keçən çox olur,
Qeyriləri yaddaşımda yox olur,
Yad baxışlar ürəyimə ox olur,
Mən səni unuda bilmirəm axı?

Ürəyimdə isti yerin var sənin,
Bu acı, bu şirin arzular sənin,
Qazandığım sərvət sənin, var sənin,
Mən səni unuda bilmirəm axı?

Bir gün gəldik biz üz-üzə, xatırla,
Çox dayandıq biz göz-gözə, xatırla,
Qulaq asdıq şeirə, sözə, xatırla,
Mən səni unuda bilmirəm axı?

Mümkünmüdür doğma saymaq hər kəsi?
Xatırlayıb gəl seç görüm hər səsi?
Xəyallardan çox şey itib gedəsi,
Mən səni unuda bilmirəm axı?

Ürəyimdə yaşadıram adını,
Qoruyuram təmiz eşqin odunu,
Əli Vəkil, bəyan eylə, de bunu,
Mən səni unuda bilmirəm axı?

19 sentyabr 2000