Bahar bayramı

Xoş gəldin, xoş gəldin, Novruz bayramı,
Yaysın xoş ətrini güllər, çiçəklər.
Ay şadlıq bayramı, ay yaz bayramı,
Gətirsin müjdəni əsən küləklər.

Xoş gəldin mərd elin diyarına sən,
Anamız Günəşdir, odlar oğluyuq.
Yetir həsrətlini öz yarına sən,
Bahar vurğunuyuq, bahar oğluyuq.

Bu bayram obamın təntənə günü,
Yığışaq başına tonqalın, odun.
Birlikdə keçirib toyu-düyünü,
Ruhuna and içək Dədə Qorqudun.

Qonşu qapısını pusurlar bəzən
Qəlbində xoş niyyət gəzdirən qızlar.
Xoş söz eşidəndə uçur fərəhdən
Dəyanət, məhəbbət gəzdirən qızlar.

Əllərdə təzə-tər novruzgülləri
Bayram xonçasını bəzədi ana.
Hər il salamlayıb bizim elləri,
Səadət gətir sən Azərbaycana!

Mart 1989