Çapdan çıxdı şairin
İlk şeirlər kitabı.
Ah, nə qədər çox sevir
Gənc şairlər kitabı.
Yazıb hədiyyə verdi
Neçə dosta, tanışa.
Dedi ürək sözünü
Gərək kitab danışa.
O xırdaca kitabça
Nə ləl idi, nə inci,
Onunla çatdı xalqa
Gənc şairin sevinci.
Odur yenə o yazır
Əsərindən hədiyyə.
Fəqət kitab önündə
Dalğın dayanmış niyə?
Yazır kitabçasından
İlk dil müəlliminə.
Çox diqqətli olsa da,
Əlləri əsir yenə.
Həmin anda özünü
Məktəbli uşaq sandı.
Öz şagirdlik illəri
Göz önündə dayandı.
Cümlələri yazınca
Xeyli xəyala daldı.
Sevimli müəllimə
Yenə də borclu qaldı.