Bu ceyran

Sehrkarın baxışından gəl qorun,
Nə gözəldir, nə göyçəkdir bu ceyran.
Şimşək kimi çaxışından gəl qorun,
Nə gözəldir, nə göyçəkdir bu ceyran.

Belə gözəl yer üzündə harda var?
Ana kimi layla çalıb bu diyar.
Onu sevən olacaqdır bəxtiyar,
Xoşbəxt ömür sürəcəkdir bu ceyran.

Sərvətidir dərin ağlı, həyası,
Sifətində yox bəzəyi, boyası,
Təmizlikdən yoğrulubdur mayası –
Görən kimi sevəcəkdir bu ceyran.

Fəxr eləsin qoy ata da, ana da,
Balasını qıymaz yada ana da.
Müqəddəsdir bu dünyada ana da,
Göydən enmiş bir mələkdir bu ceyran.

Bir xeyir iş, bir toy onu gözləyir,
Şadlıq, sevinc, haray onu gözləyir,
Şadlıq evi, saray onu gözləyir,
Sabah gəlin köçəcəkdir bu ceyran.

Noyabr 1990