Bu gün adi gün deyil

Bu gün sevincimin hüdudu yoxdur,
Bu gün mənim üçün adi gün deyil.
Bu gün kədərim az, fərəhim çoxdur,
Quştək uçacağam bu gün elə bil.

Zildə köklənibir rübabım mənim,
Dilimdə nəğməyə dönür hər sözüm.
Sənsən xoş ətirli gülüm, gülşənim,
Yəqin gələcəksən, yol çəkir gözüm.

Yox, qeyri günlərə bənzəmir bu gün,
Ömrümdə bu günün öz yeri vardır.
Yaman darıxırdım, bilməm nə üçün?
Axı, hər gecənin səhəri vardır.

Sanki vermişdilər dünyanı mənə,
Könlüm seyrə çıxdı çölü, çəməni.
Uçdum fərəhimdən eşq göylərinə,
Axı, kəşf eləyib tapmışdım səni!

Bu gün sevincimin hüdudu yoxdur,
Bu gün mənim üçün adi gün deyil.
Bu gün kədərim az, fərəhim çoxdur,
Quştək uçacağam bu gün elə bil!

12 dekabr 1983