Dədə Qorqud yadigarı bu qədim diyar, əbədi

Gəlir, gedir yer övladı, zirvələrdə qar, əbədi,
Dədə Qorqud yadigarı bu qədim diyar, əbədi.

Aşiqlərin öz dünyası, eşq əhlinin öz dastanı,
Hər şey gəldi-gedərdisə, vəfa, etibar, əbədi.

Gündüz Günəş, gecələr Ay qonaq olur Göy gölümə,
Qoynunda ellər yaylayan sərin yaylaqlar, əbədi.

Qarabağım – cənnət diyar düşmənlərin tapdağında,
Heydərbaba, Səhənd dağı, Savalan, Qoşqar, əbədi.

Qoy yağının qismətinə boran düşsün, şaxta düşsün,
Doqquz iqlim Tanrı payı – torpağımda var, əbədi.

Muğamatım yer üzündə insanları heyran edir,
«Segah» mənim, «Zabul» mənim, oxunan «Qatar», əbədi.

Məmləkətin vurğunudu Əli Vəkil ömrü boyu,
Məclislərdə dilə gələn, ötən kaman, tar əbədi.

5 aprel 2003