Dildarım

O ellər gözəli, ilahi insan,
Darıxıram ayrı duşsəm bircə an,
Öz əhdinə sadiq olub hər zaman,
Tər çiçəkdi, qızıl güldü dildarım.

Aldanmayıb yalan vədə, boş sözə,
Heyran olub təmiz qəlbə, xoş sözə,
Nəğmə yazıb gül camala, qaş-gözə,
Qəm simini bəmdə çaldı dildarım.

Ürəyindən keçənləri duyandı,
Büllur eşqin atəşində o yandı,
Yuxusundan xoş hisslərlə oyandı,
Amalına sadiq qaldı dildarım.

Atəşlidir məhəbbəti qəlbində,
Xoş arzusu, xoş niyyəti qəlbində,
Qoruyubdur ülviyyəti qəlbində,
Meylini nəğməyə saldı dildarım.

Özgəsiylə səhv salmayın onu siz,
Əli Vəkil deyir bilin bunu siz,
Dərk edin müqəddəs olduğunu siz,
Nitqimi əlimdən aldı dildarım.

17 fevral 2001