Dünya yaman…

İlahim, yetiş dadıma,
Böhtan atılır adıma.
Yanıb kül oldum oduma –
Dünya yaman vəfasızdı.

Unutmuşam zili, bəmi,
Qəm üstündə köklə simi,
Niyə eşitmir səsimi?
Dünya yaman vəfasızdı.

Əsəblərim tarım-tarım,
Susub sazım, susub tarım,
Həlak olur doğmalarım –
Dünya yaman vəfasızdı.

Yollar uzun, ömür qısa,
Dözmək olmur dərdə, yasa,
Kaş ki, haqqa qulaq asa,
Dünya yaman vəfasızdı.

Düşmənin xəhdi nahaqdı,
Mən haqnanam, işim haqdı,
Haqsa zəfər çalacaqdı –
Dünya yaman vəfasızdı.
Çərxi-dövran vəfasızdı!

Fevral 1992