Bir mələklə üz-üzəyəm, Allahım,
Qonağımdır, göz-gözəyəm, Allahım,
Söhbət şirin, söz-sözəyəm, Allahım,
Göyün yeddi qatındayam elə bil.
Həsrət ilə ona baxdım doymadım,
Ürəyimi oda yaxdım, doymadım,
Qanad açıb uçacaqdım, doymadım,
Göyün yeddi qatındayam elə bil.
Ev-eşiyim ətirləndi, sevindim,
Sükut çökdü, hər şey dindi, sevindim,
Göylər qızı göydən endi, sevindim,
Göyün yeddi qatındayam elə bil.
Sevincimdən sərxoş idim, nə bilim,
Nə söylədim, nələr dedim, nə bilim,
Bu nəğməmlə əzizləldim, nə bilim,
Göyün yeddi qatındayam elə bil.
Sevən qəlbi söz inlətdi, dözdüm mən,
Oda yandım, köz inlətdi, dözdüm mən,
Şirin sözlər, naz inlətdi, dözdüm mən,
Göyün yeddi qatındayam elə bil.
Gözlərimdə söküldü dan, neyləyim?
Doyammadım baxışından, neyləyim?
Bircə saat oldu mehman, neyləyim?
Göyün yeddi qatındayam elə bil.
Nəğməsini yazammadım, bilin siz,
Mətləbini yozammadım, bilin siz,
Əl verərək uğur dedim, bilin siz,
Göyün yeddi qatındayam elə bil.
8 fevral 2001