Gəl daşı tök ətəyindən, amandı

Gəl daşı tök ətəyindən, amandı,
Ətəkdə daş vallah-billah yamandı.
Hirsli adam daş axtarar atmağa,
Zənn etmə ki, adam vurmaq gümandı.

Yenə hənək, hənək, sonda dəyənək,
Buna nə ad verək, necə bəyənək?
Nəyə gərək dəyənəyə əl atmaq,
Dəyənəyi əldən alaq biz gərək.

Qəbristana gedən ölü qayıtmaz,
Ora son mənzildi olsun qar, ayaz.
Qoy dünyadan heç kəs vaxtsız köçməsin,
Kim mərhumdu, gəl adını qara yaz.

Bağda ərik vap idi, yadında saxla,
Salam-məlik var idi, yadında saxla.
Nə bağda ərik, nə salam-məlik var,
Bu da əfsanədi, yadında saxla.

Yüyrək at özünə qamçı vurdurmaz,
Uçar yarı yolda dayanıb durmaz.
At iyidin arxasıdır, deyibdər,
At çapan da köhlənini çox yormaz.

Taylı öz tayını tapmasa əgər,
Onun günü ah-vay ilə ötüşər.
Seçməlisən sən özünə layiq yar,
Keçsin bir-birindən mnlı günlər.

Qurd nə bilir qatır bahadır, baha,
Yeyərsə qatırı batar günaha.
Baha olsun, ucuz olsun nə fərqi?
Sən qurddakı tamaha bax, tamaha.

Sən qoyunu heç vaxt tapşırma qurda,
Qoyunun başından keçmək var burda.
Parçalayıb yeyər fağır heyvanı,
Belə qanun, deyin harda var, harda?

Məscid qapısını hey açıq görək,
Bu yerdə itin də həyası gərək.
Məsciddən müqəddəs ibadət yeri,
Onun qarşısında biz it görməyək.

Başına gəlibsə başmaqçı olar,
Köhnə başmaq gətirənlər tapılar.
Fikir versin ayağına başmaqçı,
Başmaq yamayarsa, köşkü də dolar.

4 oktyabr 2002