Hər fəsil vaxtında gəlir həyatda

Hər fəsil vaxtında gəlir həyatda,
İnsanlar qədrini bilir həyatda.
Sevinc də, kədər də insan üçündür,
Hər bir kəs ağlayır, gülür həyatda.

Yayda payız, qışda da yaz dilərik,
Var-dövlətdən göz ki doymaz, dilərik.
Xəzinə əsiri nə çox dünyada,
Hər gəlirlə küpə dolmaz, dilərik.

Hamıya beşikdir bəşər dünyası,
Ölüm, həyat, xeyirlə şər dünyası.
Ağlayanın göz yaşını silən yox,
Kimlərinsə dəymədüşər dünyası.

Birisinin gözü, könlü toxdu
Birisinin çörək pulu yoxdu, yox.
Yoxsulluq həyatda insan oğlunun
Köksünə tuşlanmış oxdu, ox.

Varlanırsan, varlan alın tərinlə,
Halal qazancınla, öz gəlirinlə.
Gözün seçsin ayağının altını,
Aqilə qulaq as, arifi dinlə.

Sən mənim həyatım, qolum, qanadım,
Fəxrim, iftixarım, şöhrətim, adım.
Zirvələr eşqinə çırpınır ürək,
Ay mənim murazım, arzum, muradım.

Gözəllər içində mən səni seçdim,
Eşqin şərbətini doldurub içdim.
Əl-ələ verərək yolu bir gedək,
Axı mən könlümü tək sənə açdım.

Əyğar yenə qibtə edir, yar, bizə,
Gülüb bəxtim, tale olub yar bizə.
İki ürək bir ahənglə vurarsa,
Lazım deyil sərvət bizə, var bizə.

Hər insana eşqə sadiq yar gərək,
Aşiqlər olsunlar bəxtiyar gərək.
Eşq bağında qoy bülbüllər oxusun,
O yerlərdə görünməsin sar gərək.

Əl çirkidi deyiblər ki, var-dövlət,
Alınıb-satılmır pula məhəbbət.
Sevənlərin arasında həyatda,
Sədaqət gərəkdir, təkcə sədaqət.

Hasil olsun qoy arzular, diləklər,
Bəzəsin əlləri güllər, çiçəklər.
Üzü gülür iki gəncin həmişə,
Nə zaman ki, bir döyünür ürəklər.

Sevək, məhəbbətdə örnək olaq biz,
Düz ilqarla daim yadda qalaq biz.
Qibtə eləsinlər görənlər müdam,
Sevdamızda birgə zəfər çalaq biz.

Bilirsən ki, hər bir ömrün sonu var,
Barmağınla göstər, kimdir bəxtiyar?
Mənası yox ömrü bada verməyin,
Gəl axtaraq, hey səsləyək bəxti, yar.

Dilə gəldi yenə könül rübabım,
Sənsiz susar, gözəlim, bil rübabım.
Yaxındasan, uzaqdasan, nə fərqi,
Susmaq bilmir, ötur dil-dil rübabım.

Tərk eləmə ürəyimi heç zaman,
Dinsin qəlbim, qoy üzümə gülsün dan.
Aşiqlər bir yerdə olsa həmişə,
Sevgi nəğmələri onlara mehman.

3 oktyabr 2002