Gəl Novruzum – yeni günüm…

Gəlin qarşılayaq Təzə günü biz,
Gəldi xoş qədəmli Novruzum mənim.
Bahar həsrətlidir ürəklərimiz,
Kaş ki, çin olaydı hər arzum mənim.

Bu bayram günündə gecəylə gündüz
Çatdı bir-birinə, oldu tən yarı.
Yamyaşıl geyindi hər dərə, hər düz,
Ellər salamladı qaranquşları.

Bir ildir gözləyir qayğıkeş elim,
Milli bayramımı, ilk yaz gününü,
Qoynuna səsləyir çəmənim, çölüm,
Yazırıq yaddaşa hər səsi, ünü.

Yazın gəlişinə kim sevinməyib?
Neçə şam yandırıb, tonqal çatmışıq.
Təzə gün eşqinə nəğmələr deyib,
Tonqal qalamışıq, məşəl atmışıq.

Bütün küsülülər bayram gələndə
Əl verib barışır, qucaqlaşırlar.
Ellər şadlananda, ellər güləndə
Hamının qəlbində gül açır bahar.

Novruzum – elimin sevimli günü,
Yığışaq başına tonqalın, odun.
Özüylə gətirər toyu, düyünü,
Əbədi töhfəsi Dədə Qorqudun.

Yollansın evlərə bayram payları,
Qırmızı boyansın yumurtalar da.
Uğurlar gətirsin ilin ayları,
Birlik, yekdillikdir dövlət də, var da.

Gizlicə qapını pusarlar qızlar,
Ürəkdə ülvi hiss, ürəkdə istək.
Xoş söz eşidəndə quş olar qızlar,
Hər biri qönçədir, hər biri çiçək.

Xoş gəldin, ay əziz Novruz bayramım,
Oxuyur nəğməni çaylar, bulaqlar.
Ay bahar bayramı, ay yaz bayramı,
Yolunu gözləyir sərin yaylaqlar.

Əllərdə təzətər novruzgülləri,
Bayram xonçasını bəzəyib ana.
Hər il slamlayıb doğma elləri,
Uğurlar gətir sən Azərbaycana.

Mart 1991