Geoloq və şair

Sənin məskənindir dağlar, dərələr,
Mənsə xəyallara dalmışam yenə.
Səni salamlayır geniş üfüqlər,
Mən qulaq asıram könlüm deyənə.

Mənası, hökmü var axı, hər anın?
Günləri havayı uçurmayaq biz.
Yurduna, elinə qəlbi yananın
Ürəyi odludur, amalı təmiz.

Hər təzə mədəni kəşf edəndə sən,
Elə bil ən gözəl nəğmən yaranır.
Zəngin nemətiylə öyünsün Vətən,
Al günəş göydə yox, qəlbində yanır.

Sən yeni bir mədən axtarışında,
Mən isə yeni söz sorağındayam.
Sən yuva salmısan dağlar başında,
Mən hələ şeirin ilk varağındayam!

1984