Vurğunam hüsnünə, ey gözəl diyar,
Dünyada hər şeydən əzizsən mənə.
Neçə buz bulağın, neçə yaylan var,
Nə qədər seyr etsəm doymaram yenə.
Ömr etdi sinəndə aşıq Ələsgər,
İlhamla söz qoşdu qıza-gəlinə.
Dolaşıb qoynunda hər axşam, səhər
Qoşmalar deyərdi doğma elinə.
Yaşayıb bu yerdə babalarımız,
Hər dağa, bulağa ad verib onlar.
Dağılıb, talanıb çox vaxt varımız,
Kədərli, qüssəli gün görüb onlar.
Odur Tikpiləkən, uca Keyti dağ,
Kim bilir neçədir onların yaşı?
Qocadır hər təpə, hər yaşıl oymaq
Əsrlər görübdür torpağı, daşı.
Elin sürüsünü yayaraq dağa
Oturmuş çəməndə bəxtəvər çoban.
Qoyunlar otlayıb gedir yatağa,
Osa tütəyini çalır astadan.
Hər dağdan, dərədən axıb şırhaşır,
Səadət nəğməsi deyir bulaqlar.
Daşlardan süzülür, daşlardan aşır,
Nə xoş zümzüməsi, nə xoş səsi var.
Göydöşdə həvəslə at çapdım hərdən,
Yalçın qayalarda sözüm də qaldı.
Baharda enərkən mən Sarınərdən,
O dağın döşündə izim də qaldı.
Doğma yurdum, sənin özgə hüsnün var,
Həmişə dostları edirsən mehman.
Yaylaqda yan-yana duran çadırlar
Köksünü daha da bəzəyir inan.
Qəlbinin sevinci ixtiyar Sevan,
Daima fəxrindir, iftixarındır.
Qəzəbdə sahilə dəyib çırpınan
Mavi dalğaları nəğməkarındır.
Bir baxın o gölün mavi suları
İşığa çevrilib axır kəndlərə.
Yenə aşıb-daşır hamının varı,
Şəfəqdən don geyir hər dağ, hər dərə.
Ellərin qəlbində iftixar, qürur,
Ucalır göylərə dostluq nəğməsi.
Sevinclə uyuyub, sevinclə durur
Bəxtəvər ananın əziz körpəsi.
Zəhmətdir hər kəsin şöhrəti-şanı,
Xoş keçir günlərin, növrağın, Göyçə.
Adın dildən-dilə gəzir hər yanı,
Əksilməz qapından qonağın, Göyçə.
Ələsgər, Abdulla və Növrəs İman
Dağlar qucağında – səndə doğuldu.
Məhəbbət yolçusu o aşıq Qurban,
Yolüstü qapının qonağı oldu.
De necə unudum bu gün mən səni,
Qoynunda boy atıb dolmuşam yaşa.
Ey Göyçə mahalı – aşıq vətəni,
Gül açıb torpağın bax başdan-başa.
İndi tükənməzdir varın, dövlətin,
Nur saçır üstünə hər gələn bahar.
Əmək cəbhəsində dayanmış mətin
Sinəndə sabahı bu gün quranlar.