Göyçə

 

Elimsən, obamsan, iftixarımsan,
Müdrik insanların vətəni Göyçə.
Nəğmə beşiyimsən, söz diyarımsan,
Unuda bilmirəm mən səni, Göyçə.

Vüqarlı dağların durub baş-başa,
İlk bahar can verir torpağa, daşa,
Hər qarışın tamaşadır, tamaşa,
Sözün, gözəlliyin məskəni Göyçə.

Çoxdur şairlərin, sənətkarların,
Hikmət beşiyisən, tükənməz varın,
Uddum havasını göy yaylaqların,
Dolaşdım hər çölü, çəməni, Göyçə.

Oğuz diyarısan ucadır başın,
Nəğməylə köklənib torpağın, daşın,
Qədimsən, ulusan bilinmir yaşın,
Məftun eyləmisən hey məni, Göyçə.

Burda yaşa doldu Aşıq Ələsgər,
Səndən ilham aldı Aşıq Ələsgər,
Söz qoşdu, saz çaldı Aşıq Ələsgər,
Unutma eşqinlə ötəni, Göyçə.

Əli Vəkil, ustadları yada sal,
Öz sözünə, öz yurduna sadiq qal,
Telli sazı bir də köklə, bir də çal,
Axtarar gen düşüb itəni Göyçə.

İyun 1965