«Göyçəlilər, dağılmayın Göyçədən!»
Hüseyn Arif
Qan ağlayır, yaman qəmlidir torpaq,
Sükuta qərq olub orda bağça, bağ,
El-oba qoynundan düşübdür uzaq –
Göyçəlilər qovuldular Göyçədən.
Nə yaman tökülüb qaşı, qabağı,
Bağbansız qalıbdır bəhrəli bağı,
Köksünü ötürür «Çalmalı dağı» –
Göyçəlilər qovuldular Göyçədən.
«Ağbulağın» suyu indi qaradı,
«Böyük dağ»ın köksü para-paradı,
Toxlucanın küskün qəlbi yaradı –
Göyçəlilər qovuldular Göyçədən.
Dərdli, qəzəblidir qoca «Keyti dağ»,
Sürüsüz qalıbdır gör necə yaylaq,
Qaçaq-qaç olmayıb vallah bu sayaq –
Göyçəlilər qovuldular Göyçədən.
Haçandan görmürəm «Alagöllər»i,
Səslərdi qoynuna hər yay elləri,
Qönçədə qalıbdır, açmaz gülləri –
Göyçəlilər qovuldular Göyçədən.
Çağlayırmı görən «Pəri bulağı»,
Dərdə sinə gərən «Pəri bulağı»,
Elsiz ömür sürən «Pəri bulağı» –
Göyçəlilər qovuldular Göyçədən.
Gəzmək istəyirəm «Tərsə düzü»nü,
Saldılar ellərin tərsə düzünü,
Qəm-kədər bürüyüb çoxdan üzünü –
Göyçəlilər qovuldular Göyçədən.
Yanıqpəyə, Qaraqaya, Ardanış,
Qaldı günü saya-saya Ardanış,
Susma elim, vallah deyil ar, danış –
Göyçəlilər qovuldular Göyçədən.
Susub, qan ağlayır həyətlər indi,
Zəncirdə neyləyir bəs itlər, indi?
Yaman qəribsəyib boş kəndlər indi –
Göyçəlilər qovuldular Göyçədən.
Çox çətindir Göyçə gölü itirmək,
Müsibətdir baxaraq köks ötürmək?
Vallah olmur bunu diləə gətirmək –
Göyçəlilər qovuldular Göyçədən.
Dumana bürünüb «İnəkdağı» da,
Gedib xoş günləri, gözəl çağı da,
Bunu istəyirdi elə yağı da –
Göyçəlilər qovuldular Göyçədən.
Çənli, dumanlıdı yazı, ay Allah,
Kədərdən bükülüb dizi, ay Allah,
Qaçqındır hər oğlu, qızı, ay Allah –
Göyçəlilər qovuldular Göyçədən.
Sərin yaylaq hanı, «Topaşan» hanı?
Arı yeşikləri, topa şan hanı?
Dəli Alı – yadla çarpışan hanı? –
Göyçəlilər qovuldular Göyçədən.
Məğrur «Qoca dağ»dan kaş bir də enim,
Saralıb-solubdur «Göy döş»üm mənim,
Nəğməyə həsrətdl çölüm, çəmənim –
Göyçəlilər qovuldular Göyçədən.
Yəqin indi «Dik daş» əyib başını,
«Kəmənd qaya» axıdır göz yaşını,
Qorumadıq torpağını, daşını –
Göyçəlilər qovuldular Göyçədən.
Kim məclis quracaq «Telli bulaq»da?
Qalıb zümzüməsi, sözü dodaqda,
Gəlməz bu yerlərə daha qonaq da –
Göyçəlilər qovuldular Göyçədən.
Kaş görə biləydim bir də Çaykəndi,
Qoy yuyub aparsın coşğun çay, kəndi,
Əldən getmiş, itirilmiş say, kəndi –
Göyçəlilər qovuldular Göyçədən.
Sahibsiz qoymuşuq yamacı, yalı,
Bağlanıb bəndləri, bağlanıb yolu,
Bizi bağışlamaz Ələsgər, Alı –
Göyçəlilər qovuldular Göyçədən.
Doğma Vətən, ata yurdu bil, kəndi,
Yağılardan aza delə gəl, kəndi,
Niyə qıydıq duşmənlərə Gölkəndi? –
Göyçəlilər qovuldular Göyçədən.
Fikirli görünür «Çaxmaq» nə yaman,
Ah-nalə ucalır «Xoruzqaya»dan,
Çıxmayır yadımdan, çıxmayır bir an –
Göyçəlilər qovuldular Göyçədən.
Kimsə qalmayıbdır Qızılvəngdə də,
Alının qəbrini ziyarət edə,
Ay elin aşığı, ay ustad Dədə –
Göyçəlilər qovuldular Göyçədən.
Yanıqpəyə, Əmirxeyir, Ağbulaq,
Harda qaldı «Şah meydanı», «Böyük dağ»?
İndi Cildə söndürülüb od-ocaq –
Göyçəlilər qovuldular Göyçədən.
Uğursuz bir külək qəfildən əsdi,
Ucalmır kəndlərdən, ucalmır tüstü,
Sahibsiz qalıbdır Aşığın büstü –
Göyçəlilər qovuldular Göyçədən.
Susub nəğməkarı, sazı bu elin,
Gəlmir qulağıma sözü bu elin,
Silinməz tarixdən izi bu elin –
Göyçəlilər qovuldular Göyçədən.
Bu yan Gədəbəydi, o yan Kəlbəcər,
Qaçqına, köçkünə həyan Kəlbəcər,
Bu dərddən hə qovrul, ha yan, Kəlbəcər –
Göyçəlilər qovuldular Göyçədən.
«Qatar qaya» qatarlanıb uç görək,
Ərənlərə yolları sən aç görək,
Alov püskür, ildırımlar saç, görək –
Göyçəlilər qovuldular Göyçədən.
Xəstə Bayraməli Nərimanlıda,
Köç etdi şorcalar, qaçdı Qanlı da,
Gunahsız insanlar düşdülər oda –
Göyçəlilər qovuldular Göyçədən.
Gün gəldi namərdlər, bədxahlar dindi,
Aşığı səslədi Atkilsə kəndi,
Kim bilmir bu oba Ələsgərindi –
Göyçəlilər qovuldular Göyçədən.
«Sulu dərə», «Kəmənd qaya», «Böyük yal»,
«Nazik dərə», «Duzlu bulaq», haray sal,
«Ağcaqala», «Dəlialı», qisas al –
Göyçəlilər qovuldular Göyçədən.
«Ocaq təpə», sən qənim ol düşmənə,
Düşdük eldən gen, qənim ol düşmənə,
Göylərimiz çən, qənim ol düşmənə –
Göyçəlilər qovuldular Göyçədən.
«Sarıyer» yaylağı qonaq gözləyir,
«Sarınər» gözləyir, «Çaldağ» gözləyir,
Çobanlar qalayan ocaq gözləyir –
Göyçəlilər qovuldular Göyçədən.
Bəs niyə susubdur «Sona bulağı»,
Həzin zümzüməsi bürümür dağı,
Aşıqlar oxumur bayramqabağı –
Göyçəlilər qovuldular Göyçədən.
Səslənmir bu yerdə «Göyçəgülü» də,
Qəzəbdən quruyar Göyçə gölü də,
Didərgin düşərmiş Göyçə eli də? –
Göyçəlilər qovuldular Göyçədən.
Sönüb ocağının közü haçandan,
Baş açmır özündən – özü haçandan,
Bu halı mat qoyub bizi haçandan –
Göyçəlilər qovuldular Göyçədən.
Qəlbinin yarası yaman dərindi,
Elə bil diz çöküb «Sarınər» indi,
Bu «Çuxur», bu da «Dikpilləkən»di –
Göyçəlilər qovuldular Göyçədən.
Qaraçı haraylar «Qaraçı yurdu»,
«Qanlı dərə», «Qara Quzey» mərd durdu,
«Sarılar», «Xırmanlar», hardadı ordu –
Göyçəlilər qovuldular Göyçədən.
Sarıyaqub, Qoşabulaq, Kəsəmən,
Yollanmışam kənddən-kəndə kəsə mən,
Çox düşmüşəm dumana mən, sisə mən –
Göyçəlilər qovuldular Göyçədən.
Bu Kərkibaş, bu Şişqaya, bu Göysu,
Puça çıxdı elin bütün arzusu,
Doğma yurdun ağır günü budur, bk –
Göyçəlilər qovuldular Göyçədən.
İttiham eyləyir məzarlar bizi,
Necə bağışlasın bu diyar bizi,
Bu dərd ağrıdacaq ürəyimizi –
Göyçəlilər qovuldular Göyçədən.
Çoxmu gözləyəcək eli dağ, yoxuş,
Yazacaq qəlbinə ili dağ, yoxuş,
Bizi haraylayır, bizi «Ağ yoxuş» –
Göyçəlilər qovuldular Göyçədən.
«Düz sərnə», «Kirkitli», bir də «Üç ara»,
«Su dağılan», mahal düşübdür dara,
«Qara bulaq», çağla səs sal dağlara –
Göyçəlilər qovuldular Göyçədən.
Bir dərdi yüz oldu azı bu yurdun,
Halaldı çörəyi, duzu bu yurdun,
Yalana çevrildi düzü bu yurdun –
Göyçəlilər qovuldular Göyçədən.
Ayrılıq gününü say, Əli Vəkil,
Səsini cahana yay, Əli Vəkil,
Göyçəsiz qalıbsan, ay Əli Vəkil –
Göyçəlilər qovuldular Göyçədən.
Noyabr-dekabr 1988