Gözəl

Nə gündə yaradıb səni təbiət?
Dünyada hamıdan həyalı gözəl.
İncitmə aşiqi, incitmə afət,
Eşqin, etibarın timsalı gözəl.

Gəlmisən cahana xoş bir anda sən,
Hurisən, mələksən bu cahanda sən,
Yaşat məhəbbəti, yaşat qanda sən,
Yaman vəfalısan, vəfalı, gözəl.

Sevgidə şaxta da, qar da var, ay qız,
Ürəkdə atəş də, qor da var, ay qız,
Əhdi unutmayan yar da var, ay qız,
Gözlə toy gününü, vüsalı, gözəl.

14 oktayabr 2001