Gözəl dünyada

Gül sözünü qorumusan adında,
Yandırdın qəlbimi hicran odunda,
Verdiyin sözləri saxla yadında,
Hamıdan gözəlsən, gözəl dünyada.

Ağlımı başımdan alıb gözlərin,
Odları canıma salıb gözlərin,
Əbədi yadımda qalıb gözlərin,
Hamıdan gözəlsən, gözəl dünyada.

Görənlər deyir ki, mələksən, mələk,
Qəlbini oxuyub, anlamaq gərək,
Əzizim, eşqinlə dil açır ürək,
Hamıdan gözəlsən, gözəl dünyada.

Adın da müqəddəs, sən də müqəddəs,
İlahi məxluqsan, qoy bilsin hər kəs,
Nəğmətək qəlbimdən ucalır bir səs:
Hamıdan gözəlsən, gözəl dünyada.

Əli Vəkil, söz qaynadı, söz daşdı,
Xəyalın səyyah tək yurdu dolaşdı,
Bu nə həyəcandı, bu nə təlaşdı?
Hamıdan gözəlsən, gözəl dünyada…

Rusiya. İvanovo şəhəri.
10 iyul 2002