Kim şər atdı, böhtan dedi,
Utanmadan yalan dedi,
Addımbaşı hədyan dedi –
Üzü gülmədi, gülmədi.
Günahsıza tələ qurdu,
Mərdi kürəyindən vurdu,
Müftə yedi, tez qudurdu –
Üzü gülmədi, gülmədi.
Məhəbbətlə alver etdi,
Nə ağıllı söz eşitdi,
Satqınlıqda öndə getdi –
Üzü gülmədi, gülmədi.
Birini yıxmaq istədi,
Kürsüyə çıxmaq istədi,
Vəzifə sevdi – xəstədi –
Üzü gülmədi, gülmədi.
Nə deyəsən arvadbaza,
Eşqə düşə, hey yol aza,
Əli Vəkil gərək yaza –
Üzü gülmədi, gülmədi.
3 avqust 2002
Rusiya, İvanovo şəhəri