Gülüm

Şölən ürəyimi işıqlandırır,
Səni düşünürəm bu anda, gülüm.
Eşqinin atəşi məni yandırır,
Nə yaxşı sən varsan cahanda, gülüm.

Qoy sıxsın əlimi ilk bahar mənim,
Sinəmdə yurd salan duyğular mənim,
Nəğmədən savayı nəyim var mənim?
Ürək dil açarmı donanda, gülüm?

Xəbər tutsam dünya mənə dar olar,
İnan günüm hər an ahu-zar olar,
Eşidənlər dərhal xəbərdar olar,
Aşiq öz əhdini dananda, gülüm.

Mən əhdi, ilqarı müqəddəs sandım,
Saxta gülüşünü, fikrini qandım,
Səndən uzaq gəzdim, uzaq dolandım,
Bir gün gec olarsan qananda, gülüm.

Sevgi yoxsa, insan ömrü hədərdi,
Dünya gözəllərsiz boş görünərdi,
Əli Vəkil, yol yoldaşın kədərdi,
Gəl söndür könlünü yananda, gülüm.

10 iyul 2002
Rusiya, İvanovo şəhəri