Gülüm

Təcnis

Ay mələyim, bənzəyirsən gülə sən,
Arzum budur şadlanasan, güləsən,
Telinmidir, ya tutduğun gül, əsən?
Qələm götür sən də nəğmə yaz, gülüm.

Ağıllısan, çox gərəksən elə, sən,
Mən gəzdiyim təzə gülsən elə, sən,
İncimərəm nazını tez eləsən,
Fəsillərin şahı olub yaz, gülüm.

Həsrətini xəlbirlə sən, ələ sən,
Onu sevib nə gətirdin ələ, sən,
Budaqmıdır, ya gül tutan əl, əsən?
Əli Vəkil deyir gülsün, yazgülüm.

19 avqust 2002
Rusiya, İvanovo şəhəri