Rübailər

Həyatımın bir parçası olan qız,
Ürəyimə eşq odunu salan qız,
Hakimsən könlümə, hakimsən vallah,
Qəlb sazımı kökləyən qız, çalan qız.

Qayıt, o günləri bir də yaşayaq,
Olub-keçənləri bir də yaşayaq.
Unut ötənləri, unut, sevgilim,
Qəlbimizdə saf məhəbbət daşıyaq.

Mən şəhid adını aldığım gündən,
Gül kimi saralıb solduğum gündən,
Gəlir qəbrim üstə anamla bacım,
Əbədi yuxuya daldığım gündən.

Şəhidləri ana, bacı ağladı,
Göz yaşları selə döndü çağladı.
Oğlunu itirən şəhid anası
Xiyabana – qəbrə ümid bağladı.

Gəl islat qəbrimi göz yaşlarınla,
Üzünü yandıran göz yaşlarınla.
Torpaq yağılardan azad olunca,
İz salsın üzünə – döz yaşlarında.

Mənə layla çaldı ana torpağım,
Niyə yada qaldı ana torpağım?
Ruhum şad olacaq eşidən zaman
Artıq zəfər çaldı ana torpağım.

Sevişdik, bağladıq biz əhdi-peyman,
Həyat mənalıydı, şirindi yaman.
Dünyanın dəyəri artın gözündə
Eşqi-məhəbbəti qoruyan zaman.

Torpağı itirdik ar oldu mənə,
İşıqlı, gen dünya dar oldu mənə.
Doğma Qarabağım əldən gedibdir,
Yalnız qərənfillər yar oldu mənə.

Səmada bərq vurduq qoşa ulduztək,
Unutdu dünyanın dərdini ürək.
Dedik bir qoruyaq saf məhəbbəti,
Vəfasız olmayaq dünyada gərək.

Gərək pozmayaydın öz ilqarını,
Qoruya biləydin düz ilqarını.
Sevirəm, sadiqəm, demək çox azdır,
Qəlbinə əbədi yaz ilqarını.

Axan ulduz kimi endin səmadan,
Məni düşünmədin barı bircə an.
Müqəddəs sayıram ülvi eşqini,
Tək mənəm dünyada oduna yanan.

Sən niyə gəlmədin görüş yerinə?
Gülüm, həmdəm oldu bulaqlar mənə.
Yalqız dayanaraq bükdüm boynumu,
Gəlmədin, gəlmədin, gəlmədin yenə.

Duymadın qəlbimi, həsrətimi sən,
Pozulmaz əhdimi, ülfətimi sən.
Məhəbbət əsiri, sadiq yar kimi
Dəqiq verməliydin qiymətimi sən.

Bənövşə boynunu bükdü mənimlə,
Baxdım çiçəklərə, təzə, tər gülə.
Görüşə gəlmədin, axı nədən sən,
Ürəyim şadlana, ürəyim gülə.

Niyə tez unutdun məhəbbətimi,
İtirdi güllər də təravətini.
Dünyada eşqimə sadiq olmasan,
Ürək qoruyarmı hərarətini?

Ürəkdən söylədim, siz də inanın,
İlqarı düşünün, peymanı anın.
Ölüncə gözəlim, doymaram səndən,
Dözümü çox olur oda yananın.

İnandım, gözəlim, şirin dilinə,
Kəc baxma eşqimə, kəc baxma mənə.
Bir qız bir oğlanın payına düşür,
Unutma, heyranam gözəlliyinə.

Oxladı baxışın azad qəlbimi,
Kədərə, qüssəyə buy ad qəlbimi.
Gəl güldür, sevindir, gözəlim, hər an,
Günəşin timsalı bu od qəlbimi.

Sevirəm, deyirdin, gülüm, bir zaman,
Mənimlə danışar, gülərdin hər an.
Şirin vədlərinlə edib yolumdan
Saxlayan sən oldun, sən oldun inan.

Heç vaxt bu dünyanın uyma varına,
Kəc baxma eşqimin ilk baharına.
Unutma əhdini, vəfasız olma,
İnanıb əğyarın etibarına.

İlqarı unudub, eşqimi dandın,
Bir özgə sevginin oduna yandın.
Vəfasız çıxanda bir gün, sevgilim,
Qarşımda peşiman, küskün dayandın.

Hər sevən ürəyin öz istəyi var,
İnsanın dünyada yüz istəyi var.
Əbədi xoşbəxtdir o aşiqlər ki,
Düz əhdi-peymanı, düz istəyi var.

Xoş gündə yaradıb Yaradan səni,
Bəxş edib təbiət yara dan səni.
Nə ola, əhdimiz baş tuta, ay qız,
Toy edib götürəm aradan səni.

Soyuq baxma, yanan olum eşqindən,
Ürəkdən sev, yanan olum eşqindən.
Bəlkə də həyatda xoş gələr sənə,
Məcnun olum, Sənan olum eşqindən.

Məhəbbətin asimandır, asiman,
Ürəyimdə gəzdirirəm hər zaman.
Nəyə desən mən and içim, əzizim,
Həyatımsan, varlığımsan, gəl inan.

Nə sirdir, nə sirdir, bilmirəm vallah,
Kim üçün doğulub bu gözəl, Allah?
Mən bir pərvanəyəm, osa yanar şam,
Yanıram oduna, yanıram billah.

İlhama gəlirəm baxışlarından,
Ala gözlərini süzdürən zaman.
Unuda bilmirəm gülər üzünü,
Saf eşqin qəlbimi sarsıdır yaman.

Doya bilməyirəm şirin sözündən,
Gözəl camalından, gülər üzündən.
Nəzərin üstümdə olsun həmişə,
Unutma sən məni, qoyma gözündən.

Sevirəm mən səni təmiz ürəklə,
Dəniz məhəbbətlə, dəniz ürəklə.
Ülvi məhəbbəti gəl qoru, ay qız,
Ən xoş arzu ilə, ən xoş diləklə.

Eşqindən yazacam nə qədər sağam,
Təmiz sevgim ilə əlçatmaz dağam.
Adını, əksini, məhəbbətini
Könlümdə əbədi qoruyacağam.

Ürəyinə qəm dolanda, səslə məni,
Kövrələndə, çətin anda səslə məni.
Sənin ilə bir bölərik dərdi-səri,
Darıxanda, tək olanda səslə məni.

Ha dolan Günəşin başına, dünya,
Bilinmir neçədir yaşın, a dünya.
Kimisə xoşbəxtin xoşbəxti etdin,
Su qatdın kiminsə aşına, dünya.

İnsanı cahanda işiylə tanı,
Kim sevər, xoşlayar çox danışanı?
Hər sözü həqiqət sanma həyatda,
Çoxdur yer üzündə dil pəhləvanı.

Sən məni kimsəyə qısqanma, gülüm,
Əhdə dönük deyə, qısqanma, gülüm.
Bir ürəkdə bircə sevgi yeri var,
Möhtacam köməyə, qısqanma, gülüm.

Gəldiyin yollara qurban olum mən,
Sənintək bir yara qurban olum mən.
Xoşbəxtin xoşbəxti mənəm cahanda,
Belə bir dildara qurban olum mən.

Bir anım bir ilə döndü, gəlmədin,
Göylərdən mələklər endi, gəlmədin.
Əllərin əlimə dəyənə qədər
Ürəyim yüz kərə dindi, gəlmədin.

Gör necə şirindi yarı gözləmək,
Qışdan sonra ilk baharı gözləmək.
Ürəyim həsrətlə çırpınır daim,
Yadda qalır nazlı yarı gözləmək.

Aşiqin sevimli gözəli sənsən,
Hər sözü, söhbəti məzəli sənsən.
Layiqsən sevgiyə, saf məhəbbət,
Şairin nəğməsi, qəzəli sənsən.

Neyləyim, ay Allah, neyləyim axı?
Nədir ürəyimin, nədir günahı?
Ətrin məst eləyir bir anda məni,
Çəkdirmə aşiqə, çəkdirmə ahı.

Süzülür yenə də ala gözləri,
Həsrətdən az qalır dola gözləri.
Deyirəm nə ola illər uzunu
Könlümdə yadigar qala gözləri.

Eşidin, insanlar, vurğunam ona,
İnanın sözümün doğruluğuna.
Bənd edib eşqinə görün haçandan,
Yaman insafsızdır, doymuşam cana.

Əl çalın, bu eşqi alqışlayın siz,
Keçin günahımdan, bağışlayın siz.
Gözələ vurulmaq cinayət deyil,
Bu yolun yolçusu məni sayın siz.

Gəl, gülüm, yolunu gözləyirəm mən,
Arxanca göz dikib izləyirəm mən.
Özün də bilirsən sevirəm səni,
Gecikmə, gözəlim, gəl, – deyirəm mən.

O qız ovsunladı bir anda məni,
Bəxtəvər edəcək cahanda məni.
Keçir xəyalımdan ala gözləri,
Şamam, qoruyacaq yananda məni.

Onun əsiriyəm, bilir, bilməyir,
Dalıram xəyala üzüm gülməyir.
Taqsırkar deyiləm, bilsin barı o,
Axan göz yaşımı niyə silməyir?

Görənlər söyləyir kaş bir də görəm,
Nə sən xan Əslisən, nə də mən Kərəm.
Könül verib əhdi-peyman eyləyək,
Ürəklər bilməsin nə kədər, nə qəm.

Dayiqsən sevməyə, sevilməyə sən,
Xoşbəxt olmayasan axı, niyə, sən?
Adına nəğmələr yaxmaq çətindir,
Məni anlamadın, gülüm, deyəsən?

Mənə ilham verən sədaqətindir,
Ən gözəl hədiyyən məhəbbətindir.
Necə cəzbedici gözlərin vardır,
Sənintək gözəli tapmaq çətindir.

Səni sevən aşiq nə bəxtiyardır,
Onun belə gözəl bir yarı vardır.
Dünyada sənintək bir mələk hanı?
Adını çəkmək də bir iftixardır.

Eyibsiz gözəli istəyər hamı,
Gözəllik önündə baş əyər hamı.
Qızılgül hamını məst etdiyindən,
Onu sevər hamı, iyləyər hamı.

Bir də eşidəydim kaş ki, səsini,
Əlindən içəydim eşq badəsini.
Varlığım sarsılır səni görəndə,
Tanrım xilas etsin öz bəndəsini.

Fələyin bəxtəvər bəndəsiyəm mən,
Səni hey görürəm, qəlbim olur şən.
Könüldən vurğunam sənintək yara,
Doymaq mümkün deyil təmiz eşqindən.

Səni çox düşündüm, səni çox andım,
Gəldi xəyalıma ilk eşqim, andım.
Şirin xatirəndən doymuram, ay qız,
Yenə də həsrətin oduna yandım.

Sevgidə hamıdan mətinəm, mətin,
Məni eşq yolundan döndərmək çətin.
Qəlbimi əbədi qızdıracaqdır
Sönməz bir Günəşdir saf məhəbbətin.

Ürəyim əhdindən dönəsi olsa,
Eşqimin atəşi sönəsi olsa,
Köksümdən çıxarıb atmalıyam mən,
Əgər zirvəsindən enəsi olsa.

Sevirəm ülfətin iztirabını,
Hicranın, həsrətin iztirabını.
Alın yazısıdır sənin taleyin,
Xoşlaram ismətin iztirabını.

Aldatmaq olarmı sevən ürəyi?
Kədərli ürəyi, ya şən ürəyi?
Sən onu sındırsan, vəfasız olsan,
Necə sağaldarsan, de, sən ürəyi?

Sevgin ürəyimdə qalar gizlicə,
Könlüm də boşalar, dollar gizlicə.
Sənintək gözəli ürəkdən sevən
Lal olar, xəyala dalar gizlicə.

Könlümün bir ümman söz var indi,
Məhəbbət dəryası durular indi.
Dərdindən dincliyim yoxa çıxıbdır,
Yəqin ki, eşqimi duyar yar indi.

Tökülən bir daha dolmaz, demişlər,
Odlu söz ürəkdə qalmaz, demişlər.
Yarını ürəkdən sevən bir aşiq,
Meylini yadlara salmaz, demişlər.

Demişdin gələrəm, gözlədim səni,
Hər an soraqladım, izlədim səni.
Yd gözlər üzünə baxmasın deyə,
Gəl, gülüm, qəlbimdə gizlədim səni.

Eşqinlə alışıb ha yandı könlüm,
Vəfalı gözələ həyandı könlüm.
Səndən uzaqlarda dolanmaq çətin,
O gül camalını hey andı könlüm.

Qəlbimlə oynamaq deyildir asan,
Gərək öz eşqinə sadiq olasan.
Təmiz məhəbbəti yaxşı qoru ki,
Ürəyə köçəsən, yadda qalasan.

Sadiq ol əhdinə, etibarına,
Çalış yalan satma sən öz yarına.
Heç kəsə dünyada bel bağlama sən,
Güvən öz eşqinə, düz ilqarına.

Sən ki, ilahiydin gözümdə mənim,
Yaşadın qəlbimdə, sözümdə mənim.
Ülvi məhəbbətin, say məhəbbətin
Gülüşə çevrildi üzümdə mənim.

Bir zaman səninoə öyündü qəlbim,
Həsrətdən yvmanca döyündü qəlbim.
Görüb bu sevdada soyuqluğunu
Donunu atəşdən geyindi qəlbim.

Barı insafa gəl, oxu könlümü,
Yardı bu sevdanın oxu könlümü.
Eşqimin soltanı sən olmalısan,
Niyə incidirsən, axı, qəlbimi?

Ən ulvi hisslərlə çırpınır ürək,
Sındırma könlümü, tərslikdən əl çək.
Eşqinin quluyam, bilirsən özün,
Sarsılır ürəyim hər səni görcək.

Dağlarımız indi bizi haraylar,
Yollardadır vallah gözü, haraylar.
Ağdam, Şuşa, Laçın, Zəngilan hanı?
Topxanamız, Cıdır düzü haraylar.

Gör necə məxluqdur, gör necə insan,
Yadından çıxmayır inan, bircə an.
Gözəlliyi məftun edir hər kəsi,
Bir oğlanın qismətidir bu ceyran.

Ətirli bir güldür, dərəsən, Tanrım,
Yolunda ömrünü verəsən, Tanrım.
Qəlbini oxlayır baxışlarıyla,
Nə gündə yaranıb görəsən, Tanrım?

Eşqin sınağına tablaş, döz görüm,
Mənalı gülüşdən baş aç, döz görüm?
Qələm gərək bu gözəli vəsf edə,
Şamın dövrəsindən gəl qaç, döz görüm?

Ürəyi atəşlə doludur, bilin,
Bir dəli sevdanın quludur, bilin.
Günəşdir saf eşqi, sönən deyildir,
Sədaqət, seçdiyi yoludur, bilin.

Qəlbində yaşat sən bir el oğlunu,
Sevib təmiz qəlblə xoşbəxt e tonu.
Görənlər qoy sizə həsəd aparsın,
Olsun bəxtəvərlik bu eşqin sonu.

Bərəyə gəlmişdi ürkək bir ceyran,
Durub seyr elədim mən heyran-heyran.
Qəfil bir ovçumu ürkütdü onu,
Yox, doya bilmədim baxışlarından.

De, necə gizlədim diləyimi mən?
İstədim boşaldam ürəyimi mən.
Üzündə gileyli məhəbbət duydum,
Həmin an itirdim mələyimi mən.

Ağlamaq olarmı gözlər dolmasa?
Aşıq aşıq deyil, sazda çalmasa.
İnsan bir-birindən inciyərdimi,
Xəyanət olmasa, pislik olmasa?

Haqdan uzaqlaşıb yolunu azsan,
Allahı unudub böhtanlar yazsan.
Qurandan don geysən inanmaz heç kəs,
Aqilin sözünü tərsinə yozsan.

Eşqin badəsini doldurdu biri,
Atlını atından saldırdı biri.
Yalanı, böhtanı həqiqət sayan,
Oldu öz sözünün qulu, əsiri.

Ömrü qısa olur insan oğlunun,
Bağçası tez solur insan oğlunun.
Olanı, qalanı saf-çürük edir,
Yaddaşı yorulur insan oğlunun.

Kaş gözdən salmasın Tanrım kimsəni,
Baxtın yatsa, dindirəcək kim səni?
Vəzifən, sərvətin yoxsa dünyada,
Vallah sayacaqlar ağlı kəm səni.

Dostu baxışından, gözündən tanı,
Ürəyin aynası üzündən tanı.
Bədxaha, namərdə sirr vermə heç vaxt,
Arifi bir kəlmə sözündən tanı.

Allahı tanıyan Allah bəndəsi,
Heç zaman təntiməz, gələcək səsi.
Onu aldadammaz vallah yüz adam,
Ürəkdən sevəcək o şəxs hər kəsi.

Əl çirki deyirlər dövlətə, vara,
Onun hərisləri tez düşür tora.
Malını, mülkünü itirsən də sən,
Güvən bu dünyada mərd insanlara.

16 mart 2000-ci il