Hana

Nənə xalı toxuyur,
Dayanıb baxır Aysel.
Bu balaca qızcığaz
Donub qalır elə bil.

Qızım, qulaq as mənə,
Bu gördüyün hanadır.
Xalçanın naxışları
Bir bax, xana-xanadır.

Bu, xalının arğacı,
Bu da onun ərişi.
Gərək yaxşı biləsən
Hər sənəti, hər işi.

İpləri ilmələrə
Bax, beləcə taxırsan.
Öyrən, gözəl peşədir,
Niyə durub baxırsan?

Görürsən nə gözəldir,
Aysel, xalı toxumaq.
Yaratdığın xalılar
Sənə şöhrət olacaq.