İnsafa gəl

Vallah sənin əsirinəm,
İnsafa gəl, insafa gəl.
Ürəyimi üzəcək qəm,
İnsafa gəl, insafa gəl.

Günüm səndə, aım səndə,
Gur bulağım, çayım səndə,
Dilənçiyəm payım səndə,
İnsafa gəl, insafa gəl.

Bir eşit qəlbim deyəni,
Gəl qapından qovma məni,
Qərarın qətidir yəni?
İnsafa gəl, insafa gəl.

Gəl daşı tök ətəyindən,
Arı qaçmaz pətəyindən,
Dönmək olmur axı, səndən?
İnsafa gəl, insafa gəl.

Ürəyimi yaralama,
Bütöv qəlbi paralama,
Əli teldən aralama,
İnsafa gəl, insafa gəl.

Nəğmə deyən ürək susar,
Arzu susar, dilək susar,
Qəlbi gülər görək, susar,
İnsafa gəl, insafa gəl.

Barı gendə durma, gülüm,
Ümidimi qırma, gülüm,
Gəl boynumu burma, gülüm,
İnsafa gəl, insafa gəl.

Hər dərddən bixəbər idim,
Hamıdan bəxtəvər idim,
Eşqin ilə nəğmə dedim,
İnsafa gəl, insafa gəl.

Əli Vəkil diz çökəcək?
Gözlərindən yaş tökəcək?
Tərsliyindən barı əl çək,
İnsafa gəl, insafa gəl.

27 iyul 1999