İnsan ömrü

Həyat mübarizə, həyat əyləncə,
Yaşayır dünyada hərə bir cürə.
Yarısı gündüzdür, yarısı gecə,
Birinə saz qismət, birinə cürə.

Yaşayır, elə bil nərd oynayırıq,
Biri yeklər atır, biri şeş qoşa.
Günləri, ayları, ili sayırıq,
Haçansa vururuq bir ömrü başa.

Biri ha yüksəlir, əzilir biri,
Baş aç dünyamızın keşməkeşindən?
Piylənir birisi, nazilirbiri,
Biri də zirvəni tərk edir nədən?

Yol gedir əbədi mənzilə insan,
Yolların uzunu, qısası vardır.
Biri hey at çapır, sulayır meydan,
Nurani qocanın əsası vardır.

Taleyə min ümid bağlayan oldu,
Zaman öz atını çapdı dördnala.
Sınağa dözməyib ağlayan oldu,
Gücsüzlər, acizlər qaldılar dala.

Özgə torpağına göz dikən namərd,
Düşdü xam xəyala, azdı yolunu.
Daşlı torpağında dərd əkən namərd,
Niyə dərk eləyib anlamır bunu?

Biri qul doğuldu, biri hökmdar,
Ehtiyac içində boğulan oldu.
Zəbt etdi göyləri, yeri hökmdar,
Nə qədər əzilən, qul olan oldu.

Çoxları yetşdi şöhrətə, şana,
Gözləri doymadı dünya malından.
Ömrünün sonunda hər bir insana
Pay düşdü bir məzar dəfn olan zaman.

Həyatı dərk edib, duyan insanlar,
Hər sözü vaxtında deyib getdilər.
Gözündən şəfəqlər yayan insanlar
Ölməzlik paltarı geyib getdilər.

Həyat mübarizə, həyat əyləncə,
Yaşayır dünyada hərə bir cürə.
Yarısı gündüzdür, yarısı gecə,
Birinə saz qismət, birinə cürə.

Noyabr 1991