Kədər-sevinc

Kədər ürəyimi hədəf eyləyir,
Neyləyim, önündə qul oluram mən.
Bəzən də bu yandan sevinc gəl, – deyir,
Sevinir, qəmlənir, yoruluram mən.

Zərbələr altında qalan ürəyim,
Sevincin yolunu hər an gözləyir.
Qüssədən sarsılan, dolan ürəyim,
Yersiz tənələrdən aman gözləyir.

Görürsən dünyanan hər tərəfindən
Ürək sızıldadan xəbərlər gəlir.
Hardasa güllələr susmayır nədən?
Ananın naləsi göyə yüksəlir.

Adi yumruq boyda olsa da ürək,
Bütün yer üzünün dərdinə dözür.
Bəzən xəyallara dalsa da ürək,
Yas onu sarıdır, qəm onu üzür.

Olursan şənlikdə, toy məclisində,
Deyirsən bu dünya kefdir-damaqdır.
Bir gəncin yasında, vay məclisində,
Duyursan toy kimi, ölüm də haqdır.

Bu yanda toy-düyün, o yanda yasdır,
Gül açan bir ömrü soldurur əcəl.
Ağır faciəni duyanda yasdır,
Bir gün keçməlisən sən axır, əzəl.

Bu sirli kainat yaranan gündən,
Bir üzü sevincdir, bir üzü kədər.
Sevinclə qəm yağır onun üzündən,
Bir gözü sevincdir, bir gözü kədər!

Sentyabr 1983
Peredelkino