Karlovı Varı

Dünyanın cənnəti Karlovı Varı,
Möcüzə yaradıb təbiət səni.
Dolaşdım meşəni, səf-səf dağları,
Köçürdüm qəlbimə çox mənzərəni.

Havan da, suyun da dərdlərə dərman,
Ağır xəstələrə şəfa verirsən.
Meşələr, bulaqlar loğmandır, loğman,
Yağışa, dumana sinə gərirsən.

Seyr etdik qoynunda cığırları biz,
«Turgenyev cığırı», «Qoqol cığırı».
Sevincdən dil açdı ürəklərimiz,
İnsanlarkəşf edib yüz yol cığırı.

Burada yaranıb «Ölü canlılar»,
Qoqol qələmindən kağıza köçub.
Puşkin adına da burda cığır var,
Bu dağdan Pyotr adlayıb keçib.

Qonağı olubdur Yuri Qaqarin,
Ürəkdən vurulub gözəlliyinə.
Sındırdı sirrini mavi göylərin,
Qoynundan getməyib, getməyib yenə.

Kosmos fatehinin abidəsini
Hər gün ziyarətə gəlir insanlar.
Yazdın yaddaşına onun səsini,
Heykəli sinəndə qaldı yadigar.

Dünyanın cənnəti Karlovı Varı,
Möcüzə yaradıb təbiət səni.
Dolaşdım meşəni, səf-səf dağları,
Köçürdüm yaddaşa çox mənzərəni.

İyul 1983
Çexiya Respublikası. Karlovı Varı.