Kim deyir ki, bunu yada sataram?
Yada satmaqdansa itə ataram.
Hamı bilsin, budur qəti qərarım,
Sözümdən dönmərəm, sözümdə varam.
İt hürər, karvan keçər, yel qayadan
Nə aparar, bilirsənmi, ay insan?
Güclü külək, yel nə qədər əssə də,
Qoparammaz bir qəlpə bil, qayadan.
Yaxşı deyiblər ki, axtaran tapar,
Yolundan çəkilməz heç zaman, tapar.
Dünyada dərdlər çox, dərman gərəkdir,
Axırda çarəni bir loğman tapar.
Qorğanın yananı atılıb düşər,
İnsanın arifi dada yetişər.
Əzəldən belədir dünyanın işi,
İnsan həyatda, kabab közdə bişər.
Can yanmasa, çıxmaz axı gözdən yaş,
Dərddən, sevincdəndi, ürəkdə təlaş.
Yanımcıl ol, insanlara əl uzat,
Bəs nə üçün yaşayırsan, a qardaş?
Yalançını qovun mənzilinədək,
Yalançı yalandan əl çəksin gərək.
Bu dünyada doğru yolu seçməsə,
Yalançı deyəcək el onu görcək.
Öküzü qaldırıb buzov istəmə,
Onu inək bilib süd versin, demə.
Öküzlə inəyi səhv salsan əgər,
Sən gözdən düşərək batarsan qəmə.
Nə olar, söyləmə qatıq qaradır,
Amandı, sən demə qatıq qaradır.
Bu həyatda hər şey olar bilirik,
Dünyamız da elə karvansaradır.
Qazanc da qudurub mayanı yedi,
Deməli, bazar öz sözünü dedi.
Hər işdə, hər yerdə qazanc güdmə sən,
Kimsə yox, ticarət düzünü dedi.
Kəlama bax, bala baldan şirindi,
Balaya məhəbbət yaman dərindi.
Arı balı toplayır min çiçəkdən,
Ata, ana nələr çəkir gör indi.
Namusu atdılar itə, yemədi,
Tamah saldı yalnız ətə, yemədi.
Namus müqəddəsdi, namus vüqardı,
Bu sözü əcdadım – Ulular dedi.
Namərd dərhal kəsər tutduğu yerdən,
Nə gözləmək olar, de namərdlərdən?
Bağışlamaq təkcə mərdə yaraşır,
Kaş fürsət düşmsin namərdə hərdən.
Belə odur sürü geri dönəndə,
Sürünün axsağı görünür öndə.
Buna bənzər çox şey olur həyatda,
Bunları yadından çıxarma sən də.
Bu adətdir bar verəndə ağaclar,
Əyir budaqları üstündəki bar.
Başını dik tutmaz heç vaxt aqillər,
Elə bar deməkdir insanda vüqar.
Şax durar, düz olar ağac həmişə,
Səmtinə yıxılar ağac həmişə.
İnsan da tanısın, seçsin səmtini,
Vüqarlı olmağı eyləsin peşə.
18 sentyabr 2002