Dad yarımçıq əlindən

Aqildir hər bütöv insan,
Ülvi niyyət, təmiz vicdan,
İnciməz heç kimsə ondan,
«Dad yarımçıq əlindən».

Sözü birdi mərd adamın,
Üzü birdi mərd adamın,
Əsli yox namərd adamın,
«Dad yarımçıq əlindən».

Başı boşla dil taparsan,
Qəlbi daşla dil taparsan,
Bir əyyaşla ğdil taparsan,
«Dad yarımçıq əlindən».

Günəş bütöv, Yer də bütöv,
Bütün səyyarər də bütöv,
Sinə gərər dərdə bütöv,
«Dad yarımçıq əlindən».

Əli Vəkil, ayıq ol sən,
Ariflərə söylə əhsən,
Aman, birdən səhv edərsən,
«Dad yarımçıq əlindən».

9 avqust
Rusiya, İvanovo şəhəri