Əlvida, Tərifə anam, əlvida

Ömür-gün yoldaşım Göyərçin xanımın dilindən

On doqquz avqustda, iki min üçdə
Yola saldıq gedər-gəlməz bir köçdə.
Asan deyil bil ki, sənsizlik heç də,
Əlvida, Tərifə anam, əlvida!

Yetimlik hiss etdim nənə olsam da,
Bulud kimi boşalsam da, dolsam da,
Gözü yaşlı, boynubükük qalsam da,
Əlvida, Tərifə anam, əlvida!

İki qız balanın dağını gördün,
Günün qarasını, ağını gördün,
Atamsız on dörd il sən ömür sürdün,
Əlvida, Tərifə anam, əlvida!

Yadigardı dörd oğulun, üç qızın,
Səksən beş yaşında söndü ulduzun,
Onsuz da dünyadan doymadı gözün,
Əlvida, Tərifə anam, əlvida!

Nə çəkmisən, duydum ana olanda,
Kədərləndim sən saralıb solanda,
Dözəmmədim gözün yaşla dolanda,
Əlvida, Tərifə anam, əlvida!

Xəstə oldun, əzab çəkdin cahanda,
Nəzarətsiz qoymadım mən bir an da,
Dərman verdim, keşik çəkdim yanında,
Əlvida, Tərifə anam, əlvida!

Getdin oğulların, nəvələrin çiynində,
Yəqin əyan oldu, hiss etdin sən də,
Ahımı, naləmi eşitdin sən də,
Əlvida, Tərifə anam, əlvida!

Məni səsləyərdin, məni anardın,
Səni üzən ağrıları danardın,
Xoş günlər eşqinə oda yanardın,
Əlvida, Tərifə anam, əlvida!

Anasızlıq sinələrdə oxdur, ox,
Səni səsləməyə daha lüzum yox,
Sən xanım anaydın gözü, könlü tox,
Əlvida, Tərifə anam, əlvida!

İnsafsız əzrayıl qıydı canına,
Baxmır nə şöhrətə, nə ada, sana,
Vaxt çatanda dönəcəyik yanına,
Əlvida, Tərifə anam, əlvida!

19 avqust 2003