Məndən soruş

Dağlar çoxdur bu dünyada,
Dağlar düşər tez-tez yada,
Vurulmuşam mən bu ada –
Sən Qoşqarı məndən soruş!

Nəğmə deyər şəlalələr,
Saçlarını darar, sərər,
Gördüm nələr, duydum nələr,
Bulaqları məndən soruş!

Könlüm xalqa, elə vurğun,
Muğanıma, Milə vurğun,
Yamaclara, çölə vurğun,
Yaylaqları məndən soruş!

Məhəbbətin odu sönməz,
Könlüm quşu göydən enməz,
Neyləmişəm, küsüb, dinməz,
Nazlı yarı məndən soruş!

Odlar yurdu canım mənim,
Damarımda qanım mənim,
Eşqim, adım, sanım mənim,
Bu diyarı məndən soruş!

Oktyabr 1982