Söylə hansı alim, hansı bir memar,
Səndən dərs almamış kamala çatdı.
Hər şair, mühəndis, böyük sənətkar
Arzutək qəlbində səni yaşatdı.
Sən elə bir bağın bağbanısan ki,
Hər yana yayılıb o bağın barı.
Səhər yuxusundan oyadır səni,
Qəlbinin alovlu çırpıntıları.
O bağın barıdır öz əllərilə
Şoranlı əöllərdən gül dərən indi.
Sonsuz fəzalara əməllərilə
Zehnin məhsulunu göndərən indi.
Hər cəsur döyüşçü, qorxmaz qəhrəman
Sənin təliminə vəfadar oldu.
Sən ey müqəddəs şəxs, ey böyük insan
Nəsibin səadət, ilk bahar oldu.
Gedirsən məktəbə hər səhər erkən
Gözündə canlanır xoşbəxt gələcək.
Şagirdin ad alıb geri dönərkən
Sevincdən köksünə sığmayır ürək.
Vüqarlı dağ kimi ucadır başın,
Yurdumda böyükdür hörmətin sənin.
Sinifdir həmdəmin, kitab sirdaşın,
Nə gözəl sənətdir, sənətin sənin.
Böyük dahilərə müəllim dedik,
Bu ad necə şanlı, necə əzizdir.
Müəllim sözünü eşitdikcə sən
Sevincin, ilhamın coşqun dənizdir.