Mübarəkdir

Böyük oğlum Müşfiqin toyu münasibətilə

Balalarım, bu gözəl toy gününüz
Mübarəkdir, mübarəkdir, mübarək!
Xoşbəxt olun! Söyləyirik bu gün biz,
Mübarəkdir, mübarəkdir, mübarək!

Gözün aydın, bəy atası, anası,
Gəlin gəlir sizə elin sonası,
Solan deyil qız əlinin hənası,
Mübarəkdir, mübarəkdir, mübarək!

Toy günüdür, qoy sevinsin analar,
Göydə uçsun, yerə ensin analar,
Fərəhindən bir də dinsin analar,
Mübarəkdir, mübarəkdir, mübarək!

Kim unudar bu şənliyi, bu günü,
Gülər görək sevənlərin üzünü,
Belə desin ata-ana sözünü:
Mübarəkdir, mübarəkdir, mübarək!

Təmiz eşqin atəşində bir yanın
Bu ülfətin keşiyində dayanın,
Toy gününü, bu şadlığı hey anın,
Mübarəkdir, mübarəkdir, mübarək!

Müşfiq qol-qanadım, gözümün ilki,
Nüşabə olacaq sözümün ilki,
Yar seçmək, sevilmək asan deyil ki,
Mübarəkdir, mübarəkdir, mübarək!

Həyat bir səhnədir, ömür tamaşa,
Eşqiniz ziynətdir dövrana, yaşa,
Bir vurun, bir vurun siz ömrü başa,
Mübarəkdir, mübarəkdir, mübarək!

15 sentyabr 1994