Necə sevərdim

Ürəyim əhdindən dönəsi olsa,
Köksümdən çıxarıb atmalıyam mən.
Sənin günəş eşqin əbədi qalsa,
Hər yeni arzuma çatmalıyam mən!

Dedilər kiməsə bənzərsən üzdən,
Yox, yox, ola bilməz, mən cavab verdim.
Əgər oxşasaydın qeyrisinə sən,
Necə bəyənərdim, necə sevərdim?

Sevgidə hamıdan mətinəm, mətin,
Eşqim zirvələrdən enməz heç zaman.
Sönməz bir günəşdir saf məhəbbətin,
Əbədi yanacaq, sönməz heç zaman!

Qovruldum həsrətin iztirabında,
Xoşdur mənim üçün hicran anları.
Sevirəm möhnətin iztirabında,
Alışıb, alışıb hey yananları.

Səni yad elədim, səni çox andım,
Görəsən, yadına düşürəmmi mən?
Gəldi xəyalıma ilk eşqim, andım,
Sənli xatirədən doymuram nədən?

25 fevral 1985