Əngin səma

Səma əngin, səma yaman dərindi,
Gizlədir Günəşi hərdən buludlar.
Ulduzludur, göy-asiman dərindi,
Gecələr nur yayan yuvarlaq Ay var.

Yerdən seyr edirik təyyarələri,
Şimşək buludların hədiyyəsidir.
Qəlbində daşıyır hər dərdi-səri,
İldırım səmanın qəzəb səsidir.

Göylərin buludu, dumanı, çəni,
Əbədi sakini – al Günəşi var.
Necə yazım ürəyimdən keçəni?
Hərdən ildırımı, qəlb atəşi var.

Əngin səmaları öyrənmək çətin,
Gecələr ulduzu, Ayı nur çilər.
Acizdir bu yolda sözün, hikmətin,
Qar, yağış torpağı salama gələr.

Səma da insantək kövrələn zaman
Dolmuş buludları sıxır gözünü.
Olur qaşqabaqlı geniş asiman,
Gurlayır, bildirir ürək sözünü.

Ay buludlar, ağlayın könlüm kimi,
Bəlkə kədərimi yuya yağışlar.
Özgə kim azaldar ağır dərdimi,
Yüz-yüz kədərli var, yüz-yüz qəmli var.

Nərə çəkib qoy çaxsın ildırımlar,
Qəflət yuxusundan ayılaq bəlkə.
Qoy yağdırsın, qoy yaxsın ildırımlar,
Düşməndən alına Qarabağ bəlkə.

Yaddan torpağını almasa əgər,
Aparsın qoy sellər, vursun ildırım.
Qəzəbdən, nifrətdən qoy uçsun göylər,
Qırsın bu milləti, qırsın ildırım.

Buludlar, boşalın açılsın göylər,
Könlümün buludu seyrələn deyil.
Daha ürək-dirək, təskinlik neylər,
Məğlubam, ürəyim dirilən deyil.

Ürəyim bir leysan həsrətindədir,
Gurlasın, çalasın, titrəsin yer, göy.
Ocağı, torpağı itirmək nədir?
Desin öz sözünü, qoy desin yer, göy.

Göylərin qəmidir qara buludlar,
Çevrilir yağışa, əriyir kədər.
Deməyin getdilər hara buludlar?
Torpaq gözləyəcək axı, nə qədər.

Nəyə gərək məğlub olub yaşamaq?
Çoxmu axtaracıq biz günahkarı?
Qaçqın, köçkün kimi solub yaşamaq,
Öləndə qoy şəhidtək qoy ölək barı.

Bu dünyada sizə nə var ay göylər,
Yağış ilə kədəriniz yox olur.
Kədərdən ürəyim sızlar, ay göylər,
İtən torpaq gözlərimə ox olur.

Bir gün çarə tapılacaq bu dərdə,
Bilirəm ki, elə bir gün gələcək.
Sevincindən ağlayacaq göylər də,
Dərdli könlüm yalnız onda güləcək!

8 fevral 2001