Niyə döydü maşını

Axşamüstü həyətdə
Maşın sürürdü Rizvan.
Hərdən də fit verirdi
Çəkilsinlər yolundan.

– Maşınımla hamını
Ötüb-keçəcəyəm mən.
Baxaraq uşaqlara
Yaman çıxdı özündən.

Qabaqlamaq istədi
Öndəki yoldaşını.
Çevrildi böyrü üstə
Elə bu dəm maşını.

– Söylə, bir şey oldumu,
Haran əzildi sənin?
Yalnız budur qisməti
Sinəsinə döyənin.

Yıxılan özü oldu,
Axıtdı göz yaşını.
Günah özündə idi,
Amma döydü maşını.