Şair movzaleyi səssiz-səmirsiz,
Yalnız yarpaqlardır sükutu pozan.
Gəlin, tanış olun Fərhad ilə siz,
Odur külüngüylə bir dastan yazan.
Bu səs bulaqların zümzüməsidir,
Bəlkə toxundular sazın siminə?
Yoxsa ki, Leylinin qəmli səsidir,
Məcnunu səsləyir son anda yenə?
«Varlığın anası doğmamış inan
Sözdən gözəl övlad şahiddir cahan».
«Çalış öz xalqının işinə yara,
Dünya əməlindən geysin zərxara».
Səslənir payızın sakitliyində
Dahi Nizaminin hikmətli sözü.
Pisliyə əl atma, saab var öndə,
İşiylə ağ olur insanın üzü.
«Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
Yem üçün quş gəlir bu gözəl urda,
İstəsən «quş südü» taparsan burda».
Elə bil yuxudan ayıldır səni,
Rum ordusunun ayaq səsləri.
Görürsən önündə mərd Nüşabəni,
Boşqabda daş-qaşla girir içəri.
– Buyurun, qızıldan yeyin, söyləyir,
İsgəndər heyrətdən yerində qalır.
– Nədir məqsədiniz, deyin, söyləyir,
Dərs alır sərkərdə, ondan dərs alır…
Sıraya düzülüb gözəl şəkillər,
Bəhramın dumanlı yuxusu çinmiş?
Şirini tabloda görməsə əgər,
Xosrov at belində unudar qəmi.
Sükuta qərq olub böyük movzaley,
Dünya müdrikləşir sənin gözündə.
Hiss edib müdrikin nəfəsini sən,
Müdrikə dönürsən bir az özün də.
28 may 2002