Olaydım

Meylimi bağlara salmışam, sonam,
Ətrini güllərdən almışam, sonam,
Sənsiz xəyallara dalmışam, sonam,
Şəfəq olub gözlərinə dolaydım,
Sinən üstə medalyonun olaydım.

Səndən ayrı qalmaq vallah çətindir,
Qəlbimi isidən məhəbbətindir,
Sevənlərə örnək sədaqətindir,
Şəfəq olub gözlərinə dolaydım,
Sinən üstə medalyonun olaydım.

Ömürdən keçməyir sənli günlərim,
Olmasın dumanlı, çənli günlərim,
Qovur bir-birini qəmli günlərim,
Şəfəq olub gözlərinə dolaydım,
Sinən üstə medalyonun olaydım.

Nə dövlətə, nə sərvətə aşiqsən,
Nə daş-qaşa, nə ziynətə aşiqsən,
Təmiz eşqə, ülviyyətə aşiqsən,
Şəfəq olub gözlərinə dolaydım,
Sinən üstə medalyonun olaydım.

İlahi gözəlsən bəzək-düzəksiz,
Əli Vəkil duyur, dərk edir şəksiz,
Bu sözlər incidi düz yaxana, düz,
Şəfəq olub gözlərinə dolaydım,
Sinən üstə medalyonun olaydım.

28 avqust 2003