Paralanmasın

Sədaqət üstündə qurulub həyat,
Bahara, günəşə vurulub həyat,
İnsanın gözündə nur olub həyat,
Niyə öz yarını yar alanmasın?

Gül açsın ürəkdə, gülsün məhəbbət,
Silsin qəm-kədəri, silsin məhəbbət,
Dar gündə köməyə gəlsin məhəbbət,
Yar yarı atmasın, aralanmasın.

Gül-gülü çağırsın, bülbül bülbülü,
Açılsın bağçada bülbülün dili,
Yaysın xoş ətrini baharın günü,
Bülbülün yerini sar alanmasın.

Çıxsın hər ürəkdə yoxa qısqanclıq,
Dönməsin xəncərə, oxa qısqanclıq,
Neyləyər sevgidən toxa qısqanclıq?
Heç kəs bir-birindən qaralanmasın.

Ay Əli, yanında yar olsun, – dedim,
Sözundən dönənə ar olsun, – dedim,
Məhəbbət əbədi var olsun, – dedim,
Könüllər sınmasın, paralanmasın!

Pidsunda
Oktyabr 1987