Payız

Sübh çağı bağçaya nəzər salanda
Mat qaldım, gözümə inanmadım mən.
Bu gecə yarpaqlar solmuş bir anda
Payız havasının sərt nəfəsindən.

Torpağın köksünə qonan, döşənən
Xəzəl rəngində xalıdır, nədir?
Bağda həzin-həzin danışan, dinən
Payız nəğməsidir, xoş təranədir.

Yaxından duymamış, dərk etməmişdim
Payız hikmətini, şeiriyyəti mən.
Doyunca dinləyib eşitməmişdim
Al-əlvan fırçalı təbitiə mən.

Çinar yarpağını aldım əlimə,
Gözümdə beşbarmaq alova döndü.
Qəfildən min nəğmə axdı dilimə,
Günəş də üfüqdən qalxdı, göründü.

Səninlə xoş keçdi söhbətim bu gün,
Yarpaq xışıltısı çökdü şeirimə.
Payız ətirlidir qismətim bu gün,
Əlimdə qələm də sarıymış demə.

Xəzəlin üstüylə addımlayanda
Sezdim ki, hər ömrün bir payızı var.
Budaqda yarpağı bir-bir sayanda,
Dil açdı köksümdə kövrək duyğular.

Bu yarpaq tökümü kövrəltdi məni,
Donmuşdu ağacın gözlərində yaş.
Söyləyə bilmədim qəlbim deyəni,
Yağırdı başıma yarpaqdan şavaş!

İlin xəzan çağı yetişirsə də,
Sevişən gənclərin baharı gəlir.
Ömürdən bir payız ötüşürsə də,
Yüz yerdən «Vağzalı» səsi yüksəlir.

Nə deyim payıza, nə deyim axı?
Qaydadır varını yerən utanmaz.
Düşünüb baharı, nurlu sabahı,
Ürək hökm elədi «Payız» şeiri yaz!

Yurmala.
5 oktyabr 1982